100 vacib sual | 1. Həyatın mənası nədir?

100 vacib sual | 1. Həyatın mənası nədir?
  30 Yanvar 2014    Oxunub:18622
AzVision.az oxucularına yeni bir rubrika təqdim edir. Biz bu rubrikada Azərbaycan insanını düşündürən 100 əsas sualı seçərək, onları uyğun sahələrin bilicilərinin köməyi ilə cavablandırmağa çalışacağıq.

Birinci sualımız hər bir insanın mütləq nə zamansa verdiyi sualdır: Biz niyə dünyaya gəlmişik? Həyatın mənası nədir?


Niyazi Mehdi, filosof:

- Bir qəribə filosof var, Lüdviq Vitqenşteyn, yazmışdı ki, bir nəsnənin mənası onun bildirdiyidir. Məsələn, tamaşada Hacı Qaranı oynayan aktyorun səhnə görüntüsünün mənası öncə pyesdəki Hacı Qara, sonra dünyadakı hacı qaralar olur. Təmiz türkcədə «məna» sözünün qarşılığı «anlam»dır. Deməli, bir nəsnənin mənası onun anlatdıqlarıdır.

Rus dilində bir «смысль» sözü var, o, mənaya yaxındır. Ancaq bizim diimizə «значение»-ni asan çevirərək deyirik ki, mənadır, anlamdır. Hərçənd, «смысль»-ı çevirmək bir az zordur. Bunu onun üçün deyirəm ki, rusca «həyatın mənası» həm «смысль жизни», həm də «значение жизни» kimi verilir, hərçənd, birinci daha düz olur, çünki ikinci «həyatın önəmi, dəyəri» kimi də açıla bilər.

İndi, Vitqenşteyn formulasını açar kimi götürüb «həyatın mənası nədir?» sorusuna keçək. O zaman soru belə açılacaq: yaşamaq sənə nəyi bildirir (və ya necə olmağı bildirir?). Bu sualla bağlı başqa bir dedi də var: nə üçün yaşayırsan? Yəni yaşam sənə nəyi bildirir ki, ona özünü bağlayırsan, onun üçün yaşayırsan?

Məncə, bu fəlsəfi açıqlama sizin sualınızın dumanını bir az götürür. Ona görə də, fəlsəfəni duman gətirən düşüncələr saymaq düz deyil.

Biri balalırını oxutmaq, yedirtmək üçün yaşayır. Deməli, onun yaşamının mənası balalardır. O birisi, araşdırmalar aparıb yeni nəzəriyyələr qurmaq üçün yaşayır. O zaman həyatının anlamı elm olur.

«Həyatın mənası» sorusunun cavabında `nə üçün`lər çox olub, matryoşka kimi iç-içə yığıla bilər. Kitabi-Dədəd Qorqudda Oğuz ərənlərinin həyatının mənası baş kəsmək idi. Bu, bir «nə üçün»dür. İkincisi, Bayındır, ya Qazan xana, sonra atasına qulluq etmək idi. Bu, ikinci «nə üçün»dür. Ancaq hamısından da yuxarı Allah yolunda kafir eliylə vuruşmaq, həmişə ibadətdə olmaq idi.

Beləcə, gəldik çıxdıq dinə. Əslində «həyatın mənası» sorusu «Allaha inam üstündə qurulmuş» evrənin, dünyanın sualıdır. Ateist dünya modelində o sual bir az yersiz görünür: nə üçün yaşayıram? Yaşayıram da. Yəni «yaşamağın» nə üçününü ölümündən sonrakı dönəmlə bağlaya bilmirsən.

Oğuzlar hətta döyüşdən qabaq da namaz qılırdılarsa, deməli, nə üçünlər matryoşkasında ən böyük Allaha bağlılıq idi, bütün o biri nə üçünlər (balalarım üçün, vətənim üçün) bunun içində olanda doğru olurdular.

Ancaq mənim teoloji düşüncəmi primitivləşdirməyin, yəni belə saymayın ki, «Allaha iman üçün, tapınmaq və xidmət etmək üçün» mənasını yaşamağın mənası kimi ən düzgün sayıram. Əgər adamın başındakı allah (onun üçün də böyük hərflə yazmadım) adamın özünün nöqsanlı təsəvvürüdürsə, o zaman onun həyatının mənası da biabırçılıq olacaq. Çağımızda özünü partladan İslam şəhidlərinin başındakı təsəvvür elə olduğu üçün, necə də əzablı fikir gəlir ağla, - onlar Cənnətə düşməycəklər, bunun üçün özlərini partlatsalar da.

Kim nə üçün yaşadığını tapırsa, dünyaya nə üçün gəldiyini də tapır. Ancaq çox çətin sorudur nə üçün yaşamaqla bağlı hamı üçün ortaq dəyəri tapmaq. Nə deyəsən? «Özünü Yamanla mübarizəyə həsr etmək üçün» deyəsən? Yamanla bağlı düşüncə ayrılıqları, ümumiliyi pozur. Əslində hər ciddi fəlsəfə, xeyli yaxşı şeir, roman insana «filan nəsnə üçün yaşamalısan» ideyasını atır, di gəl, heç birisi universallaşmır.


Elmir Əkbər, psixiatr:

- Həyatın mənası yaşamaqdan zövq, həzz almaqdadır. Təbii ki, insana bu həzzi yaşadan birinci növbədə onun hissləri və emosiyalarıdır. Yəni belə çıxır ki, həyatımızın, bizim yaşamığımızın mənası emosiyalarımızdadır. Amma insana mütləq ağıl və məntiq də lazım olur bu işdə. Çünki emosiyalar həyatımızın mənası olsa da, onları yönləndirməyə, rəndələməyə, istiqamətləndirməyə bizim ağıl fəaliyyətimiz, inteдlektual fəaliyyətimiz lazım olur. Emosiyaların da müxtəlif növləri var. Əsas insana pozitiv emosiyalar, ələxüsus da sevgi və yumor hissi lazımdır.

Mən deyim ki, bu gün insanların həyatındakı ən böyük bəla və bədbəxtçilik sevgisizlik sindromudur. İnsanlar sevgi hissindəın uzaq düşüblər. Ona görə də, yaşamlarından zövq ala bilmirlər. Bəziləri üçün sevgi çox ucuzlaşıb, bəziləri sevgini yanlış şeylərdə tapır. Məsələn, bəzisi pul yığımaqda yığmaqda görür. Təbii ki, bu, saxta, yalançı sevgidir. İnsanlıar indi sevgini pulda, qısamüddətli addımlarda görürlər. Ona görə də böyük məyusluq hissi yaşayırlar. Ona görə də sevgi defisiti sindiromu insanlara xoşbəxtlik hissini yaşamağa mane olur.

Bir də ali hiss insanın yumor hissidir. İnsan deyilən sözləri hərfi mənada yox, məcazi mənada da qavramalıdır, gülməyi bacarmalıdır. Təbəssüm, sevinc, gülüş - bunlar olmalıdır. Çox heyiflər olsun ki, insanlarda bir kütləşmə gedir. Ona görə də başqa insanın danışdığını sadəcə, dərk edə bilmirlər. Bunlar da insanlara xoşbəxt, mənalı yaşamaqda mane olur.

Kimsə xoşbəxtliyi institut qurtarmaq, diplom almaq, yaxşı yerdə işləmək, yaxşı yerə ərə getmək kimi hallarda görə bilər. Amma psixoanalitik təbii ki, üzdə görünənləri yox, onların kökündə duran mahiyyətləri deməliidr. Mahiyyət isə ondan ibarətdir ki, yaxşı yerdə oxuyanda, yaşı dostlarımız olanda, istədiyimiz insan olanda sonucda nə dayanır? Biz hisslər yaşayırıq! Yəni mən mahiyyətini açıqladım. Həyatın mənası da budur – hisslər yaşamaq.

Məsələn, “şizofreniya” adlanan bir xəstəlik var. Onun əsas əlaməti odur ki, insan emosiyalarını itirir. Heç bir nə sevinc, nə də qəm hissi yaşayır. Həmin adama dünyanın ən gözəl dostlarını bəxş etsəniz, ən gözəl yerdə oxusa, işləsə belə, bunların heç birindən zövq almayacaq. Onda hisslər kütləşib. Bu zaman heç nə onun yaşamına məna qatmayacaq.


Elşad Miri, ilahiyyatçı:

- Həyatın mənası həyatda niyə yaşadığını dərk edib, ona görə yaşamaqdır. Mən bir çox filosof və mütəfəkkirin kitablarını oxuyaraq, bu suallara cavab tapmağa çalışmışam. Lakin bunu dində tapdım. Çünki Yaradan yaratdıqlarını nəyə görə var etdiyini bizim üçün göndərdiyi təlimat kitabı olan Quranda bildirib. Bizi ibadət üçün yaratdığını deyir. Qula qulluq etməkdən azad olmağımızı istəyir. Həyatın mənası Onun istəyinə uyğun olaraq yaşamaqdır. Yoxsa bizi digər canlılardan nə fərqləndirər? Mən inanıram ki, həyat karyera qurmaq, ailəli olmaq, uşaqları yetişdirməkdən və onları qorumaqdan ibarət deyil. Bunu bütün canlılar edir. Allah da həm övladlarımızın, həm də bizim ruzimizi verir. Buna görə də həyatın mənası Yaradanın yaratdıqlarından istədiyi şəkildə həyat yaşamaqdır.

Şahanə Rəhimli
AzVision.az


Növbəti sual belə olacaq: Ruh varmı?


Teqlər:  





Xəbər lenti